QAN YADDAŞI
Xocalı soyqırımı dünya tarixinin ən kədərli səhifələrindən biridir VİDEO
Əmman, 25 fevral (AZƏRTAC). Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə İordaniyanın dövlət və hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, səfirliyin əməkdaşları iştirak etmişlər.
Səfir Sabir Ağabəyov tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmış, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini və bununla da bir milyondan artıq insanın öz yurdlarından didərgin düşdüyünü diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilik bütün bəşəriyyətə qarşı cinayətdir. S.Ağabəyov İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbul edildiyini xatırlatmış, yaxın vaxtlarda parlamentin aşağı palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Kral II Abdullaha və İordaniya xalqına Azərbaycan rəhbərliyinin təşəkkürünü çatdırmışdır.
Bərpa Olunan Enerji üzrə Ərəb Komissiyasının baş katibi, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü Saleh Ruşeydat Xocalı soyqırımının dünya tarixində ən kədərli səhifələrdən biri olduğunu bildirmişdir. Bildirilmişdir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Şurasının 9-cu iclasında qəbul edilmiş qətnamənin 3-cü bəndində Parlament İttifaqına üzv qanunverici orqanlar erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlıq əleyhinə cinayət kimi tanımışdır. Xocalı soyqırımının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş cinayətlərin ən dəhşətlisi olduğunu bildirən S.Ruşeydat münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini vurğulamışdır. S.Ruşeydat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırmışdır.
İordaniyanın tanınmış yazıçı-publisisti və jurnalisti, teleaparıcı Sultan Həttab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı faciəsindən və məhv edilmiş bu şəhərin əhalisinin qəddarlıqla qətlə yetirilməsindən danışmışdır.
İordaniyanın bələdiyyələrlə iş üzrə nazirinin müşaviri, BMT-nin İnkişaf Proqramının əlaqələndiricisi Salam Tval Xocalı soyqırımına ədalətli qiymət verilməsi üçün dünya ictimaiyyətinin daha çox məlumatlandırılmasının, bu faciənin törədilməsində rolu olanların cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulamışdır.
Filadelfiya Universitetinin professoru Amer Nizar 1982-1992-ci illərdə Azərbaycanda təhsil aldığını, Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrini öz gözləri ilə gördüyünü diqqətə çatdıraraq bu barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycanlı Qadınlar Komitəsinin sədri Zümrüd Dadaşova da Xocalı faciəsi barədə danışmışdır.
Sonda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı ingilis dilində hazırlanmış film nümayiş etdirilmişdir.
Qeyd edək ki, səfirliyin əsas zalında Xocalı faciəsi ilə bağlı sərgi təşkil edilmiş, iştirakçılara kitablar və digər materiallar paylanmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman