REGİONLAR
Xocalı soyqırımı əsrin faciəsi, xalqımızın qan yaddaşıdır
Ağcabədi, 26 fevral, AZƏRTAC
Xocalı qətliamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə üzə çıxardıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin və “Aran” qəzetinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı əsrin faciəsi - xalqımızın qan yaddaşıdır” adlı videokonfransda səsləndirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov Xocalı faciəsi barədə ətraflı məlumat verib. Bildirib ki, 1992-ci ildə Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş soyqırımı aktı həyata keçirilib. Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini tamamilə məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədib. Həmin dövrdə mərkəzi hakimiyyətin antimilli xarakteri, respublikada xaos və anarxiyanın baş alıb getməsi, vəzifə kürsüsü uğrunda amansız mübarizə, ordudakı başıpozuqluluq, cəbhə xəttində yaşanan faciələrə göstərilən laqeydlik təkcə Xocalı faciəsinin deyil, sonrakı müsibətlərimizin də əsas səbəblərindəndir.
Videokonfransda “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru Əli Əhmədov çıxış edərək, faciə barədə öz fikirlərini bölüşüblər. Bildirilib ki, Xocalıda dinc sakinlərin xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilməsi, onların diri-diri yandırılması, başlarının kəsilməsi, üzlərinin dərisinin soyulması, hətta körpə uşaqların gözlərinin çıxarılması, hamilə qadınların qarnının süngü ilə yarılması kimi vəhşiliklər bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaqdır.