SİYASƏT


Xocalı soyqırımı ilə əlaqədar Koreya Respublikası parlamentinin üzvlərinə müraciət ünvanlanıb

Pekin, 26 fevral, AZƏRTAC

Koreya Respublikasında yaşayan həmvətənlərimiz bu ölkənin parlamentinin Azərbaycan ilə dostluq qrupunun üzvlərinə Xocalı soyqırımı ilə bağlı müraciətlər ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, məqsəd ötən əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının Koreya Milli Assambleyası tərəfindən tanınmasına və onu törədənlərin cəzalandırılması istiqamətində səylərin artırılmasına nail olmaqdır. Müraciətlərdə Xocalı soyqırımının tanıdılmasında azərbaycanlıların məqsədinin intiqam alınması deyil, heç bir günahı olmayan mülki şəxslərə qarşı yalnız etnik mənsubiyyətinə görə törədilmiş həmin cinayət üzrə ədalətin yerini tapması olduğu vurğulanıb.

Qeyd edək ki, Xocalı soyqırımının Koreya Respublikasında daha yaxşı tanıdılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Koreya Prezidenti Administrasiyasının və parlamentinin rəsmi internet səhifələrində "Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində səsimizi eşidin!" başlıqlı petisiyalar yerləşdirilib. Petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülməsi vurğulanıb, Ermənistan hakimiyyətinin törətdiyi bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb. Koreya Respublikası Prezidentinin internet səhifəsində yerləşdirilmiş petisiya tələb olunan sayda dəstək topladığından səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb və hazırda nəzərdən keçirilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.