QAN YADDAŞI


Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir

Bakı, 25 fevral, AZƏRTAC

Xocalıda baş vermiş kütləvi terror aktı, dəhşətli vəhşilikdən artıq 29 il ötür. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəvi səhifələrindən biri, erməni faşizminin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti təzahürüdür. Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritdiyi, yerlə-yeksan etdiyi şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutduğu, həmin hərbi-siyasi təcavüz zamanı 613 dinc sakinin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın həlak olduğu, 487 həmvətənimizin ağır yaralandığı, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı qanlı tarixdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ədliyyə Nazirliyinin Səadət Sarayının – Bakı Nikah evinin müdiri İradə İsgəndərovanın “Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Xocalı soyqırımı insanlıq əleyhinə həyata keçirilən qatı cinayət kimi insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya və onun Əlavə Protokolları, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və digər hüquqi aktların ciddi şəkildə pozulmasıdır.

Azərbaycan xalqı 30 ilə yaxındır Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən qınanılması, beynəlxalq təşkilatların, dünya dövlətlərinin ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verilməsi istiqamətində işlər aparır.

Xocalı soyqırımı ilk dəfə özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı “Xocalı Soyqırımı Günü” elan edib.

Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Ölkəmizdə son illər Xocalı soyqırımının bütün dünya miqyasında tanınması üçün geniş ideoloji işlər aparılır. Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması birbaşa dövlətimizin başçısı İlham Əliyevin tapşırıqları və nəzarəti altında həyata keçirilir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Görülən tədbirlərin nəticəsi olaraq artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları tərəfindən tanınıb.

İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi xüsusi qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir. 51 ölkənin qəbul etdiyi qətnamədə Xocalı faciəsinə “erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilib. Bir çox ölkələrin parlamentləri və ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğu müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi səyi sayəsində Azərbaycan həqiqətləri, Xocalı faciəsi haqqında kitablar, filmlər, sərgilər dünyanın hər bir yerində nümayiş etdirilir. Bu uğurlu fəaliyyət nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha çox məlumatlandırılır.

Eyni zamanda, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da sürətləndirib. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, dünyanın hər yerində milyonlarla insan erməni millətçilərinin əsl simasını tanıyıb. Bu beynəlxalq kampaniyanın məqsədi Xocalı faciəsinə beynəlxalq hüquqi və siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır.

Ötən illər ərzində dövlət başçısı İlham Əliyev Xocalı soyqırımı ilə bağlı çıxışlarında hər zaman qeyd edib ki, dünyada nüfuzu durmadan artan Azərbaycan dövləti öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və Xocalı soyqırımı qurbanlarının xatirəsinin işğaldan azad olunan torpaqlarımızda yad ediləcəyi gün uzaqda deyildir.

Hər il Xocalı soyqırımı qurbanlarının xatirəsini hörmət və ehtiramla anan Azərbaycan xalqı bu il onların xatirəsini daha fərqli, faciə qurbanlarının qisası alınmış kimi anacaq.

Azərbaycan xalqı daim dövlət başçısına inanır və torpaqlarımızın işğaldan azad olunması istiqamətində hər zaman onun ətrafında sıx birləşib. Bu gün xalqımız 44 günlük Vətən müharibəsinin qələbə sevincini yaşayır. Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu böyük şücaət göstərərək düşmən ordusunu darmadağın etdi və Ermənistanı faktiki olaraq kapitulyasiya bəyanatına imza atmağa məcbur etdi.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Lakin bütün bunlara baxmayaraq, ermənilərin əsrlərlə Azərbaycan torpaqlarını ələ keçirmək məqsədi ilə xalqımıza qarşı törətdiyi vəhşilikləri heç zaman unutmaq olmaz. Amansız əməllərin nümunəsi olan Xocalı hadisələri öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik olub. Bu əməlləri törədən bir çox cinayətkarlar Vətən müharibəsi zamanı Rəşadətli Ordumuzun əsgərləri tərəfindən məhv ediliblər. Biz əminik ki, bu soyqırımı törədən digər cinayətkarlar da beynəlxalq müstəvidə, bütün bəşəriyyət və tarix qarşısında öz layiqli cəzalarını alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.