ELM VƏ TƏHSİL
Xocalı soyqırımı məqsədli şəkildə həyata keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub. Əvvəlcə soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Həmkarlar İttifaqının sədri, Texnologiya şöbəsinin müdiri Hamlet Sadıqov XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayətinin məqsədli şəkildə həyata keçirildiyini, dinc əhalinin amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.
“Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Xətai rayonu üzrə sədri Fəranə Əliyeva tariximizə qanlı hərflərlə yazılan Xocalı hadisələrinin ağır nəticələrindən danışıb.
İnstitutun Fiziologiya şöbəsinin müdiri, professor Ramiz Əliyev çıxış edərək Xocalı faciəsi haqqında ətraflı məlumat verib.
Sonra isə Texnologiya şöbəsinin böyük elmi işçisi, əslən Xocalıdan olan Əkbər Kərimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində törədilən, özünün də şahidi olduğu dəhşətli hadisələrdən bəhs edib.
Tədbirin sonunda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.