QAN YADDAŞI


Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi İğdırda ehtiramla anılıb

İğdır, 21 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyənin İğdır şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Qarsdakı baş konsulluğu, İğdır-Azərbaycan dil, tarix və mədəniyyət həmrəyliyini yaşatma və dəstəkləmə dərnəyi, İğdır-Azərbaycan evi dərnəyi və Türkiyə Azərbaycan dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, o cümlədən diplomatlar, yerli hakimiyyətin və ictimaiyyətin təmsilçiləri, həmçinin İğdır universitetlərinin professor və müəllim heyəti, Ağrı və Qars universitetindən dəvət olunmuş professorlar, dərnək başçıları, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Şəhidlərimizin ruhlarına dualar oxunandan sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Mərasimdə çıxış edən Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev Xocalı soyqırımı və onun heç zaman sağalmayacaq acıları, bu bəşəri cinayətin törədilməsinin səbəb və nəticələri ilə bağlı geniş məlumat verib. Baş konsul diqqətə çatdırıb ki, böyük dövlətlərin təhriki hesabına qədim Azərbaycan torpaqlarında yaradılan Ermənistan hər zaman ölkəmizə və xalqımıza qarşı hiyləgər və düşmən mövqedə olub. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktı bu düşmənçiliyin davamı və ağır nəticəsidir.

Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi missiyasından danışan baş konsul bildirib ki, Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi ilk dəfə 1994-cü ildə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib.

Türkiyəli və azərbaycanlı professorların çıxışlarında Xocalı faciəsinin ayrı-ayrı aspektlərindən söhbət açılıb, insanlıq əleyhinə cinayət olan bu bəşəri faciənin törətdiyi ağır fəsadlardan bəhs olunub. Alimlər Xocalı soyqırımının təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə həyata keçirildiyini, bu cinayətin ermənilərin XIX əsrin sonlarından başlayaraq Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri məqsədyönlü cinayətlərin davamı və ən amansızı olduğunu əsaslandırıblar.

Daha sonra Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı türkiyəli məktəblilərdə milli-vətənpərvərlik ruhunun yüksəlməsi və onların tarixi biliklərinin artması məqsədilə keçirilən hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb. Qars şəhərindəki baş konsulluğumuz, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən təşkil edilən müsabiqələrin qaliblərinə hədiyyələr, o cümlədən türk dilində olan “Böyük Ermənistan” xülyası: faktlar və sübutlar” və “Soyqırımından Xocalıya...” kitabları bağışlanıb.

Sonda tədbir iştirakçıları Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olublar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.