QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi Bişkekdə anılıb
Bişkek, 25 fevral, АZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyi Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl iştirakçılar Xocalı soyqırımını əks etdirən foto və kitab sərgisinə baxıblar. Sonra Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub və dualar edilib.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı soyqırımının dəhşətlərini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələr indiyədək icra olunmayıb.
Səfir fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli çıxışından, Ermənistanın baş nazirinin əsassız və faktlara söykənməyən yalanlarından bəhs edib.
Diplomat diqqətə çatdırıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb. Bundan sonra Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı soyqırımı günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.
Qırğızıstan Joqorku Keneşinin (parlament) deputatı, Azərbaycan–Qırğızıstan dostluq qrupunun rəhbəri Tazabek İkramov, "Lina" firmasının baş direktoru Qiyas Xəlilov, ehtiyatda olan polkovnik Turusbekov Çolponbek, “AzVirt Qırğızıstan” şirkətinin direktoru Çingiz Baxişev, Bişkek şəhərinin 44 saylı orta məktəbinin direktoru Flora Xəlilova, Qırğızıstan Prezidenti yanında Əfv üzrə Komissiyanın üzvü Aydın Alaferdov Xocalı soyqırımı haqqında fikirlərini bölüşüb, erməni təcavüzü barədə danışıblar. Onlar çıxışlarında Xocalı faciəsini törədən cinayətkarları pisləyib, soyqırımı barədə dünya ölkələrinin məlumatlandırılmasının vacibliyini bildiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek