QAN YADDAŞI


Xocalı soyqırımı qurbanlarının xatirəsi Pakistanda yad edilib

İslamabad, 23 fevral, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyi, bu ölkənin ixtisaslaşmış beyin mərkəzlərindən olan Münaqişənin Həlli İnstitutu (MHİ) ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Bombardmanlar, qətliamlar, soyqırımlar. İnsanlığa qarşı cinayətlər” adlı seminar təşkil edib.

AZƏRTAC xəbər verir ki, seminarda Pakistanın federal naziri, Milli Assambleyada Kəşmir məsələləri üzrə parlament komitəsinin sədri Şəhriyar Afrid, MHİ-nun rəhbəri Sabah Aslam, müdafiə üzrə analitik, ehtiyatda olan general-leytenant Amjad Şoaib, Kayde Azam Universitetinin müdafiə və strateji araşdırmalar üzrə professoru Səlma Malik, Pakistanın bir sıra millət vəkilləri, diplomatlar, gənclər və universitet tələbələri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən, soyqırımı qurbanlarının xatirəsi yad edildikdən və Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımına dair hazırlanan sənədli filmin nümayişindən sonra seminarı giriş sözü ilə açan Sabah Aslam faciənin fəsadları və nəticələri haqqında məlumat verib.

Çıxışına ulu öndər Heydər ƏIiyevin Xocalı ilə bağlı söylədiyi “Xocalı qətliamı erməni şovinist və millətçilərinin tarix boyu azərbaycanlılara qarşı 200 il ərzində törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin davamıdır” fikri ilə başlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizin mülki əhalisinə və günahsız insanlarına qarşı cinayətlərini Vətən müharibəsi dövründə də davam etdirdiyini, bunun vaxtilə törədilmiş Xocalı soyqırımı kimi qətliamların səbəbkarlarının hələ də cəzasız qalmasından qaynaqlandığını bildirib.

İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini məqsədli şəkildə böyük dağıdıcı gücə malik raket hücumlarına məruz qoymaqla, uşaq və qadınlar da daxil olmaqla, yüzlərlə günahsız insanın qətlə yetirilməsinin müasir dövrümüzün erməni vəhşiliyi və qətliamın nümunəsi olduğunu qeyd edən səfir beynəlxalq ictimaiyyətin müharibə cinayətlərinə qarşı birlik və qətiyyət nümayiş etdirməsinin vacibliyini bildirib.

Ə.Əlizadə Pakistan Milli Assambleyasında, eləcə də Pakistan Senatının və Assambleyanın müxtəlif daimi komitələrində, bu ölkənin Xeybər Paxtuxva əyalətinin Assambleyasında da Xocalı soyqırımının tanınması və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının sərt şəkildə qınanması ilə bağlı qəbul edilən qətnamələri xatırladaraq, 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycana siyasi və mənəvi dəstək verdiyinə, erməni haqsızlığına qarşı prinsipial mövqe sərgilədiyinə görə Pakistan dövlətinə və xalqına təşəkkür edib. Diplomat tezliklə Kəşmirdə də sülhün bərqərar olacağına ümid etdiyini, BMT Təhlükəsizlik Şurasının bu bölgə ilə bağlı qətnamələrinin də icrasının vacibliyini bildirib.

Şəhriyar Afridi bu il Xocalı soyqırımının 29-cu ildönümünün qeyd edildiyini vurğulayaraq, orada ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən qətliamın bəşəriyyətə qarşı cinayət olduğunu diqqətə çatdırıb. Federal nazir Xocalıda, Kəşmirdə, eləcə də dünyada insanlığa qarşı törədilən cinayətləri pisləyib, müsəlman ölkələrinin lehinə olan BMT qətnamələrinə əməl edilmədiyini diqqətə çatdıraraq beynəlxalq təşkilatların bir çox məsələlərə ikili standartlardan yanaşdığını təəssüf hissi ilə ifadə edib.

Amjad Şoaib və Səlma Malik də Xocalı soyqırımının tarixindən, ermənilər tərəfindən günahsız mülki əhalinin vəhşicəsinə qətlə yetirilməsindən söhbət açaraq, insanlığa qarşı törədilən bu cinayətləri şiddətlə qınayıblar. Çıxışçılar bəşəriyyətin Xocalıda və digər yerlərdə törədilən soyqırımlara səssiz qalmamasının vacibliyi, insanların sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün bütün dünya ölkələri və beynəlxalq təşkilatların qətliamı törədənlərin məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildiriblər.

Tədbirdə, həmçinin Xocalıda ermənilərin törətdiyi vəhşəti əks etdirən fotostendlər sərgilənib, artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, eləcə də Azərbaycan həqiqətlərinə dair əyani materiallar iştirakçılar arasında paylanıb.

Seminar Pakistanın aparıcı televiziyaları və digər kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.