QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi Polşada da anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bu ölkənin ictimaiyyətinin Xocalı soyqırımı haqqında məlumatlandırılması istiqamətində tədbirlər davam edir.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Polşanın “Dziennik Trybuna” qəzetində və onun internet səhifəsində səfir Nərgiz Qurbanovanın Xocalı soyqırımına həsr edilmiş “Qafqaz göründüyü kimi deyil” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə fevralın 26-da Azərbaycan xalqının Xocalı soyqırımının növbəti anım gününü qeyd etdiyi bildirilir. Yazıda faciənin tarixi barədə geniş məlumat verilib, bir gecədə 613 Xocalı sakininin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirildiyi, 1275 mülki şəxsin girov götürüldüyü oxucuların diqqətinə çatdırılıb.
Məqalədə, həmçinin Ermənistanın 1987-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiası irəli sürdüyü, nəticədə ölkəmizə qarşı hərbi təcavüz həyata keçirdiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən bu bölgənin Azərbaycana məxsusluğunu təsdiqləyən 4 qətnamənin qəbul edildiyi vurğulanıb.
Səfir N.Qurbanova 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən hərbi cinayətlərin törədilməsi, döyüş bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Naftalan və digər şəhər və rayon mərkəzlərində mülki şəxslərin və obyektlərin qadağan edilmiş kaset bombalarından atəşə tutulması, nəticədə 100-dən çox mülki şəxsin, o cümlədən 11 uşağın həlak olması və 400-dən çox dinc sakinin yaralanması, mülki infrastrukturun məhv edilməsi barədə məlumat verib.
Bununla yanaşı, səfirliyin təşəbbüsü ilə Varşavanın Regional Qan Donor Mərkəzinin binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirilib. Tədbirin keçirildiyi məkanda Xocalı soyqırımı barədə məlumatları özündə əks etdirən bannerlər quraşdırılıb, qan verməyə gələn insanlara faciəyə dair broşür və kitabçalar paylanıb.
Daha bir təşəbbüs isə Varşavada yerləşən Yanuş Kurçak adına 2 saylı Uşaq Evinin sakinləri olan kimsəsiz uşaqlarla bağlı olub. Səfirlik tərəfindən şirniyyatlar və oyuncaqlar alınaraq uşaqlara təqdim edilib. Bununla Xocalı soyqırımı və Ermənistanın törətdiyi digər müharibə cinayətləri zamanı qətlə yetirilmiş məsum azərbaycanlı uşaqların xatirəsi anılıb.
Xocalı faciəsi ilə bağlı digər tədbir səfirliyin və Polşadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə təşkil olunub. Varşavanın “Raffles Europejski Warsaw” otelində soyqırımının ildönümünə həsr edilmiş onlayn konsert keçirilib. Tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi Fərid Cəfərli çıxış edib, Varşavadakı Karol Şimanovski adına 4 saylı dövlət musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi səsləndirilib.
Tədbirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş və Xocalı soyqırımına həsr olunmuş film polyak dilində nümayiş etdirilib. Tədbir “Facebook” şəbəkəsi üzərindən yayımlanıb.
Qeyd edək ki, bundan başqa, Azərbaycanın Polşadakı səfirliyinin binası önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş guşə yaradılıb.