QAN YADDAŞI


Xocalı soyqırımı qurbanlarının xatirəsi Qətərdə də anılıb

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı faciəsinin qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Səfir Rəşad İsmayılov Xocalı faciəsi və Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib. Xocalı soyqırımının XX əsrdə mülki və dinc əhaliyə qarşı törədilmiş ən qəddar terror əməllərindən biri olduğunu qeyd edən diplomat həyata keçirilən vəhşiliklərin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldiyini bildirib. Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədənlərin indiyədək cəzasız qalmasının təəssüf doğurduğunu qeyd edib. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının zəruriliyini bildirən səfir bu istiqamətdə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində son illərdə böyük uğurların əldə edildiyini və artıq dünya dövlətlərinin Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa başladığını diqqətə çatdırıb. Səfir Azərbaycanın ərazisinin işğalı ilə heç vaxt barışmayacağını və tezliklə erməni işğalına son qoyulacağını vurğulayıb.

Xocalı hadisələrinin şahidi, Müharibə Veteranları Qadınlara Sosial Yardım İctimai Birliyinin sədri xanım Rada Abbas çıxış edərək qadın, qoca, uşaq demədən əliyalın və müdafiəsiz Xocalı sakinlərinə qarşı törədilmiş vəhşilikləri öz gözləri ilə gördüyünü bildirib, mülki əhaliyə qarşı törədilmiş qəddarlıqlar, işgəncələr, meyitlərin təhqir olunması, əsir və girovlara, xüsusən qadınlara qarşı edilən qeyri-insanı hərəkətlər barədə geniş danışıb.

O, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri utanmadan dilə gətirdiklərini deyərək, bu əməllərə beynəlxalq səviyyədə soyqırımı aktı kimi lazımi hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb. Xocalı qırğınlarının şahidi olan şəxslərin bu gün də aramızda olduğunu qeyd edən müharibə veteranı həmin insanlardan istifadə edərək həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Çıxışlardan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, xüsusilə Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılıb.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.