QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi Yaponiyada da anılıb VİDEO
Tokio, 26 fevral, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfirliyində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilib.
Tədbirdə Tokio ictimaiyyətinin nümayəndələri, Yaponiyadakı Azərbaycan diasporunun üzvləri, yerli və xarici KİV-lərin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar səfirliyin zalında Xocalı faciəsini əks etdirən müxtəlif nəşrlərdən və şəkillərdən ibarət sərgi ilə tanış olublar. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyə göndərilmiş materiallar, o cümlədən kitablar və broşürlər paylanılıb.
Mərasim Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni işğalçıları və sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş soyqırımı haqqında geniş məlumat verib.
Bildirib ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət idi. Qara dənizdən Xəzər dənizinədək olan ərazidə “böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqir və həqarətlərə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülüb, diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib.
Diplomat Xocalıda dinc əhaliyə qarşı törədilmiş qırğının beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqırımı olduğunu bildirib, artıq bir neçə ölkənin və bəzi beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdıqlarını vurğulayıb.
G. İsmayılzadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər barədə məlumat verib, bunun beynəlxalq ictimaiyyət tərəfindən ermənilərin Xocalıda törətdikləri dəhşətli əməllərə bəşəriyyət əleyhinə cinayət kimi hüquqi-siyasi qiymət verilməsi məqsədilə atılmış mühüm addım olduğunu bildirib.
Tədbir ərəfəsində səfirlik tərəfindən faciənin 23-cü ildönümü ilə əlaqədar hazırlanmış xüsusi mətbuat məlumatı Yaponiyanın hökumət orqanlarına, parlamentə, bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərə, bir sıra beyin mərkəzlərinə, qeyri-hökumət təşkilatlarına və kütləvi informasiya vasitələrinə göndərilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio