REGİONLAR
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş vandalizm aktıdır
Lənkəran, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru, professor Fərman Quliyev Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi adlandırıb.
Ermənilərin Azərbaycan torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan qətliamdır. Xocalı şəhəri bir gecədə yerlə yeksan edildi. Qocalı, uşaqlı 613 sakin qəddarlıqla öldürüldü. 150 nəfər itkin düşdü. 1275 nəfər əsir götürüldü.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsinin baş verməsində o dövrdə Azərbaycan hakimiyyətinin başında olan qorxaq, iradəsiz, siyasətdən başı çıxmayan insanların günahı az deyil. Onların səriştəsizliyi nəticəsində erməni separatçıları və onların havadarları belə bir faciə törətdilər.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlişi ilə Azərbaycanı sonrakı faciələrdən xilas etdi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi.
Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev haqqın bərpa olunması, cinayətkarların cəzalandırılması uğrunda yorulmaz mübarizə aparır.
Tədbirdə Mərkəzin əməkdaşı Aydan Dadaşovanın Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı məruzəsi dinlənilib. Məruzəçi erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıb.
Məruzə ətrafında Mərkəzin direktor müavini Namiq Qasımov, şöbə müdiri Azər Quluzadə və başqaları çıxış edərək Xocalı soyqırımı günahkarlarının dünyaya tanıdılması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.