ELM VƏ TƏHSİL
Xocalı soyqırımı xalqımıza qarşı törədilən kütləvi qırğınların davamıdır
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Xocalı soyqırımının bəşəriyyətə qarşı yönəlmiş cinayət aktı olduğunu bildirib. Xocalı faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışan institutun direktoru bu işdə alim və ziyalıların üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.
Daha sonra institutun əməkdaşları – elmi katib, siyasət üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, ümumi işlər üzrə direktor müavini Kamran Səfərov, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov çıxış edərək hadisəyə müxtəlif aspektlərdən münasibət bildiriblər. Çıxışlarda Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə olduğu vurğulanıb. Qeyd olunub ki, Xocalı soyqırımı xalqımıza qarşı törədilən kütləvi qırğınların davamıdır.