QAN YADDAŞI


Xocalı soyqırımına dair əsərləri daşıyan sərgi qatarı Qarsa doğru hərəkətə başlayıb

Ankara, 28 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyədə “Qara qatar səslənir, Qarabağda talan var, Xocalıda soyqırımı!” adlı hərəkətdə olan rəsm sərgisi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Ankara-Qars sərnişin qatarına Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi qurulan əlavə vaqon qoşulub.

Belə bir sərgi ilk dəfə olaraq Azərbaycanın Türkiyədəki səfirliyi, Ankarada fəaliyyət göstərən Qazi Universiteti və Türkiyə Dövlət Dəmir Yollarının birgə layihəsi əsasında keçirilir.

Qatarın yola salınmasında Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, bu qrupun sabiq rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər iştirak ediblər. Yolasalmada böyük bir izdiham yaşanıb.

Məlumat verilib ki, həm qatarın sərnişinləri, həm də sərgini daşıyan vaqonun dayandığı stansiyalarda insanlar Xocalı soyqırımı və Qarabağ həqiqətlərinə aid tablolarla tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, sərgi qatar keçəcəyi Kayseri, Ərzurum, Ərzincan və Sarıqamış dəmir yolu stansiyalarında da nümayiş olunacaq. Sərgi qatarı martın 4-də Qars şəhərinə çatacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.