İDMAN
Xocalı soyqırımına həsr olunmuş qılıncoynatma üzrə açıq turnir keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Qılıncoynatma Federasiyası (AQF) Xocalı soyqırımına həsr olunmuş açıq turnir keçirib.
AZƏRTAC AQF-ə istinadla xəbər verir ki, federasiyanın zalında 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin açıq turniri başa çatıb. Oğlanlar və qızların iştirak etdiyi yarış sablya, şpaqa və rapira növləri üzrə keçirilib. Yarışda 2004-2006-cı il, 2007-ci il və daha kiçik təvəllüdlü yeniyetmələr iştirak ediblər.
Turnirdə 2004-2006-cı il təvəllüdlü oğlanların yarışında Orxan Həsənli, Ayxan Xasiyev və Məhəmməd Nuriyev birinci olublar. Qızların mübarizəsində Amaliya Məmmədova, Alla Quliyeva və Fidan Quliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
2007-ci il və daha kiçik təvəllüdlü oğlanların mübarizəsində Murad Muradov, Mirxətai Məmmədov və İsmayıl Ələkbərov qızıl medala sahib olublar. Qızların yarışında Təranə Məmmədli və Xədicə Həsənli fərqləniblər.
Qaliblər diplom və medallarla təltif olunublar.