REGİONLAR
Xocalı soyqırımını törədənlər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər
Naxçıvan, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımını törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxarılacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” mövzusunda keçirilən elmi konfransda bu fikir xüsusi vurğulanıb.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 28 il ötür. Bu hadisə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi idi. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. 1997-ci il fevral ayının 25-də isə Ümummilli Liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Daha sonra universitetin “Ümumi tarix” kafedrasının müəllimləri dosent Asəf Orucovun “Xocalı soyqırımı xalqımıza qarşı törədilən faciələrin son halqasıdır”, Salatın Rzazadənin “Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması” və universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Nüşabə Məmmədovanın “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzularında çıxışları dinlənilib.
Sonda Türkiyənin İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin “Xocalı faciəsi türk dünyasının gözü ilə” mövzusunda çıxışı dinlənilib, tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.