REGİONLAR
Xocalı soyqırımını törədənlər tarix qarşısında layiqli cəzalarını alacaqlar
İsmayıllı, 26 fevral, AZƏRTAC
İsmayıllıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Rayon icra hakimiyyətində keçirilən tədbirdə İsmayıllıda müvəqqəti məskunlaşan Xocalıdan olan məcburi köçkünlər də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətlənən ölkəmizin müsəlləh ordusunun torpaqlarımızı işğaldan azad edəcəyi günün heç də uzaqda olmadığını söyləyib. İcra hakimiyyətinin başçısı bildirib ki, Münxen Təhlükəsizlik Konfransındakı debatda Prezident İlham Əliyevin Ermənistanın baş nazirini tarixi faktlar qarşısında aciz vəziyyətə salması bir daha haqq-ədalətin Azərbaycanın yanında olduğunu göstərdi. Dünya ictimaiyyəti gördü ki, Azərbaycan öz əzəli torpaqlarını gec-tez düşməndən azad edəcək. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını törədənlər də tarix qarşısında öz layiqli cəzalarını alacaqlar.
Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov çıxış edərək tökülən günahsız qanların bizi daha qətiyyətli mübarizəyə səslədiyini söyləyib.
Tədbirdə Xocalıdan olan məcburi köçkünlər Şahmar Həsənov və Lyudmila Haqverdiyeva gördükləri dəhşətlərdən danışıblar. Xocalı sakini Qərib Şirinov isə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Sonda Xocalı sakinlərinə müraciətləri dinlənilib, qayğılarının həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Dəvət olunan Xocalı sakinlərinə ərzaq yardımı göstərilib.