QAN YADDAŞI
Xocalı soyqırımının 25-ci ildönümü Siciliyada qeyd edilib
Roma, 2 mart, AZƏRTAC
İtaliyanın Siciliya regionunun Kataniya şəhər meriyasının “Platamone” sarayında Azərbaycanın İtaliyadakı səfirliyi, Kataniya şəhərindəki fəxri konsulluğu və bu şəhərdə fəaliyyət göstərən “Alkantara” uşaq simfonik orkestrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə Kataniya meriyasının nümayəndələri, xarici ölkələrin Siciliyada akkreditə olunmuş konsulları, şəhərin elmi, akademik, mədəni, işgüzar dairələrinin təmsilçiləri və jurnalistlər iştirak ediblər.
Tədbiri açan Azərbaycan Respublikasının Kataniya şəhərindəki fəxri konsulu Domeniko Koko tədbirin önəmindən danışıb.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının acı nəticələri barədə məlumat verib, bu soyqırımının 25-ci ildönümünün anılması çərçivəsində İtaliyanın müxtəlif şəhərlərində tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının Xocalı həqiqətləri barədə beynəlxalq səviyyədə məlumatlandırma baxımından əhəmiyyətini qeyd edib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzdən əl çəkməsi üçün beynəlxalq ictimaiyyətin qəti mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
“Alkantara” uşaq simfonik orkestrinin rəhbəri Saurina Qomez çıxış edərək Xocalıda qətlə yetirilmiş dinc əhali arasında uşaqların da olmasını ürək ağrısı ilə qeyd edib, Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən bu tədbirdə orkestr tərəfindən səsləndiriləcək musiqilərin məhz Xocalıda həlak olmuş uşaqların xatirəsinə ithaf edildiyini, bu musiqilərlə uşaqların dili ilə dünyaya sülh mesajı göndərmək istədiklərini diqqətə çatdırıb.
Saurina Qomez görkəmli şair Zəlimxan Yaqubun Xocalı ilə bağlı şeirini italyanca söyləyib.
Daha sonra sözügedən orkestrin ifasında musiqi parçaları təqdim edilib.
Tədbirin sonunda “Sonsuz dəhliz” filmi nümayiş olunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma