QAN YADDAŞI
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “tv.berlin” kanalında reportaj yayımlanıb
Berlin, 27 fevral, AZƏRTAC
Almaniyanın “tv.berlin” televiziya kanalının “Xəbərlər” proqramında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Berlində Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda təhlükəsizlik və stabillik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda altıncı simpoziumun keçirilməsinə dair reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliamın anılması məqsədilə adıçəkilən simpoziumun hər il Berlində keçirildiyi və onun Alman Atlantik Cəmiyyəti, Alman-Azərbaycan Forumu və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən təşkil olunduğu bildirilib.
Həmçinin reportajda Alman Bundestaqının üzvlərinin, Azərbaycan Milli Məclisinin deputatlarının və alman iqtisadi dairələrinin iştirakı ilə Azərbaycan-Almaniya münasibətlərinin aktual aspektlərinə və enerji əməkdaşlığına, habelə Qafqazda təhlükəsizliyə, stabilliyə və əməkdaşlığa dair müzakirələrin keçirildiyi qeyd edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin