QAN YADDAŞI
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
Bişkek, 23 fevral, АZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Qırğızıstan hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, səfirlər, beynəlxalq qurumların təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, ziyalılar, ictimaiyyətin və Qırğızıstan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarını “Xocalıya ədalət!” sözləri yazılmış geyimdə olan gənclər qarşılayıblar.
Əvvəlcə iştirakçılar Xocalı soyqırımını əks etdirən foto və kitab sərgisinə baxıb, onlara Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı imzaladığı Sərəncamın surəti, “Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası İctimai Birliyi tərəfindən hazırlanan məlumatlar toplusu və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qırğız və rus dillərində çap olunmuş “Xocalı soyqırımı” kitabı təqdim edilib.
Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanan “Xocalıya ədalət!” sənədli filmi nümayiş olunub və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı soyqırımı barədə ətraflı məlumat verib, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. O, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.
Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmağın, faciə qurbanlarının xatirəsini yad etməyin, erməni vandalizminin mahiyyətini, onların iç üzünü açmağın vacib olduğunu vurğulayan səfir bu vəhşiliklərin cavabsız qalmayacağını, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək öz torpaqlarını işğaldan azad edəcəyini və işğalçıların layiqli cavablarını alacaqlarını, tarixin məhkəməsinin qaçılmaz olduğunu bildirib.
Hidayət Orucov Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Prezident İlham Əliyevin Sərəncamının önəmindən danışaraq qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adlı beynəlxalq informasiya kampaniyası keçirilir. Kampaniya çərçivəsində 700 minə yaxın insan tərəfindən müsbət rəy toplanıb və ən əsası onun 150 minə yaxını yalnız bir internet səhifəsində qeydə alınıb. Heydər Əliyev Fondu Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir.
Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balçı, Böyük Vətən müharibəsi veteranı, Qırğızıstanın Əməkdar inşaatçısı Əsəd Həsənov Xocalı soyqırımı və erməni təcavüzü barədə danışıb, ermənilərin işğalçılıq siyasətinin ancaq Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek