QAN YADDAŞI


Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Tehranda mətbuat konfransı keçirilib VİDEO

Tehran, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Tehranda mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub. Müqəddəs Qurandan ayələr oxunub. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdikləri qətliam barəsində geniş məlumat verib.

Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı törədilmiş ən ağır cinayətlərdən biri əhalisinin sayı 7 minə çatan Xocalı şəhərinin işğalı olub. Ermənistanın silahlı birləşmələri 1991-ci ilin oktyabrından şəhəri mühasirədə saxladılar və 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə intensiv artilleriya zərbələrinin ardınca keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla şəhərin dinc əhalisini soyqırımına məruz qoydular.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini evlərindən zorla qovulub, 1275 nəfər girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qətliam zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 8 ailə tamamilə məhv edilib, 139 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib, 613 nəfər, o cümlədən, 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Diplomat bildirib ki, Xocalıdakı faciəli hadisənin bütün mövcud faktları sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi xarakter daşımır və Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını Ermənistanda dövlət səviyyəsində Azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və irqi ayrı seçkilik siyasətindən qaynaqlanan cinayət idi və sadəcə olaraq etnik mənsubiyyətinə görə insanların kütləvi şəkildə qətlinə yönəlmişdi.

Səfir vurğulayıb ki, öz təqsirini etiraf edən Ermənistanın həmin dövrdəki müdafiə naziri Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”.

Əli Əlizadə əlavə edib ki, Azərbaycana qarşı həyata keçirilən təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilmiş müharibə, sülh və insanlıq əleyhinə cinayətlər, Xocalı soyqırımı insan hüquqlarının və beynəlxalq hüququn ciddi şəkildə tam pozulmasıdır.

Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərlədirən qətnamə və qərarlar qəbul ediblər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımını kəskin şəkildə pisləməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul ediblər.

Xocalı soyqırımının törədilməsində iştirak edən şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada bu cinayətə görə məsuliyyət daşıyırlar.

Sonra səfir Əli Əlizadə jurnalistlərin suallarını cavablandırıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.