QAN YADDAŞI
Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində böyük addımlar atılıb
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini, qəddar və dəhşətli cinayət olduğunu vurğulayıb. Rektor deyib: “Bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən yeganə soyqırımı olmayıb. Bundan əvvəl də xalqımızın başına dəfələrlə oxşar müsibətlər gətirilib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və xalqımızın güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində böyük addımlar atılıb”.
E.Qasımov tədbir iştirakçılarını, o cümlədən gəncləri millətin günahsız tökülən qanının yerdə qalmaması üçün bu soyqırımının dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.
BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının bütün tarixi təfərrüatları ilə bağlı məlumat verib.
BANM-in neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri Fərdin Vətəni və Ramal Nadirov Xocalı soyqırımına həsr olunan təqdimatla çıxış ediblər. Bildirilib ki, Xocalıda törədilən soyqırımı nəticəsində 613 nəfər amansız şəkildə qətlə yetirilib. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 155 nəfər itkin düşüb.
Tələbələr Xocalı soyqırımının erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş terror aktı kimi bütün dünyaya tanıdılması istiqamətində əllərindən gələni əsirgəməyəcəklərinə söz verib və gəncləri bu məqsəd uğrunda birləşməyə çağırıblar.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar BANM-in kollektivi Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət ediblər.