REGİONLAR
Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən yürüşdə minlərlə tərtərli iştirak edib VİDEO
Tərtər, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü münasibətilə Tərtər şəhərində ümumrayon yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, minlərlə sakinin iştirak etdiyi yürüş Şəhidlər abidəsinədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, N saylı hərbi hissənin əsgər və zabitləri abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub.
Faciənin ildönümü Tərtər rayonunda silsilə tədbirlərlə qeyd olunub. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında faciə ilə bağlı müxtəlif tədbirlər, inşa yazı müsabiqəsi, foto və rəsm sərgiləri təşkil edilib. Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Rayon rəhbərliyi tərəfindən Xocalı sakinləri ilə görüş keçirilərək problemləri dinlənilib, onlara ərzaq yardımı göstərilib.