QAN YADDAŞI
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Gürcüstanın Qori rayonunda pulsuz tibbi müayinə aksiyası keçirilib
Tbilisi, 22 fevral, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirlər planı çərçivəsində səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə fevralın 22-də Gürcüstanın Qori rayonunda əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub.
Gürcüstanda fəaliyyət göstərən “Loğman” Tibb Mərkəzinin həkimləri Qori rayonunun Tinisxidi kəndindəki tibb məntəqəsində bu, eləcə də, Tedasminda kəndinin sakinlərini müayinə ediliblər. İnsanlara sağlamlıqlarını bərpa etmək üçün məsləhət verilib, pulsuz dərman paylanılıb, bəzi insanlara müalicə almaq üçün müvafiq göndərişlər verilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, bu ölkənin Şidi Kartli bölgəsinin qubernatoru Kaxa Samxaradze, Qori şəhərinin meri və digər rəsmi şəxslər iştirak ediblər.
Qubernator K.Samxaradze bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib. Bildirib ki, bu yolla həm insanlara yardım edilir, həm də iki xalqın üzləşdikləri problemləri, qanlı faciələri ilə bağlı həqiqətlər yayılmış olur.
Səfir Dursun Həsənov deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu il Gürcüstanda silsilə tədbirlər keçiriləcək. Məqsəd Gürcüstanda yaşayan soydaşlarımızla yanaşı, gürcü, osetin və digər xalqların nümayəndələrinə qayğı göstərmək və Xocalı faciəsi ilə bağli həqiqətləri yaymaqdır.
“Loğman” Tibb Mərkəzinin baş direktoru Elcan Allahverdiyev bildirib ki, həkimlər briqadası bu aksiyanı pulsuz keçirilər. Fevralın 25-də də mərkəzin həkimlərinin iştirakı ilə qanvermə aksiyası təşkil olunacaq.
“Biz də bu yolla həm Azərbaycan xalqının dərdinə şərik olduğumuzu göstərmiş oluruq, həm də insanlara pulsuz xidmət edirik”, -deyə Loğman Allahverdiyev vurğulayıb.
Qeyd edək ki, tədbir çərçivəsində insanlara Xocalı faciəsindən bəhs edən materiallar da paylanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi