QAN YADDAŞI
Xocalı soyqırımının qurbanları ABŞ-ın Portland şəhərində də yad edilib
Bakı, 27 fevral, AZƏRTAC
ABŞ-ın Men ştatının Portland şəhərinin mərkəzi abidə meydanında Xocalı faciəsinin qurbanı olmuş 63 uşağın xatirəsini yad etmək məqsədilə şamlar yandırılıb və anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Meyn Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Komitənin dəstəyi ilə təşkil olunan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Xocalıya ədalət!” (Justice for Khojaly) adı altında keçirilən tədbirdə soyqırımı zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların fotoları nümayiş etdirilib.
Əraziyə üzərində bəşər tarixinin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi faktların əks olunduğu rəqəmsal plakatların quraşdırıldığı xüsusi maşın da gətirilib.
Sərgi şəhər ictimaiyyətinin, avtomobillərlə yoldan keçən insanların diqqətini cəlb edib. Onlar həmvətənlərimizə yaxınlaşaraq Xocalı soyqırımı haqqında məlumatlar alıblar. Bu məqsədlə hazırlanmış xüsusi flayerlər şəhər sakinlərinə paylanıb.