CƏMİYYƏT
Xocalı soyqırımının tanıdılmasında tələbələrin rolu məsələləri müzakirə olunub
Bakı, 6 may, AZƏRTAC
“Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xocalı soyqırımının tanıdılmasında tələbələrin rolunun artırılması” layihəsinə yekun vurub.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, fevralın əvvəlindən mayın əvvəlinədək davam edən layihənin Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Dövlət Universitetində icrası həyata keçirilib.
Layihə çərçivəsində 270 nəfər tələbə tədbirlərdə iştirak edib, beş min nəfərdən çox tələbənin isə ondan bəhrələnməsi təmin edilib.
Keçirilən seminar və konfranslarda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ekspertlər tərəfindən 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının başvermə səbəbləri - Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa çalışmaqla 20 faizdən çox torpaqlarımızı işğal etmələri, bir milyondan artıq soydaşlarımızın silah gücünə dədə-baba torpaqlarından didərgin salınması, terroru və təcavüzü özlərinin dövlət siyasətinin tərkib hissəsi kimi qəbul etməklə separatizmi həyata keçirmələri və tələbələrlə birgə müzakirə edilib. Xocalı soyqırımının böyüməkdə olan gənc nəslə aşılanmasında, faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasında tələbələrin xüsusi rolu olduğu onlara izah edilib.
Diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmaları ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icra edilməməsi, bu münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun Ermənistana heç bir təzyiq göstərməməsi, işğal olunmuş ərazilərin azad edilməsi üçün beynəlxalq hüququn təmin olunmasında heç bir əməli addımların atılmaması, cəzasızlıqdan azğınlaşan Ermənistana işğalı rəsmiləşdirmək üçün dəstəyin və güzəştlərin edilməsi otuz ilə yaxın müddətdə Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə rəvac verib.
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, həmin ərazilərimizdə tarix və mədəniyyət abidələri daxil olmaqla ölkəmizin mədəni irsinin tamamilə məhv edilməsi, dövlətin və insanların bütün mülkiyyətinin vandalizmə məruz qalmaları və s. mövzularda ekspertlərin müfəssəl məlumatları tələbələr tərəfindən müsbət qarşılanıb.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistanı darmadağın edərək işğal altında qalan torpaqlarımızı azad etməklə soydaşlarımızın Vətən həsrətinə son qoyması və beynəlxalq hüququn Azərbaycan Silahlı Qüvvələri tərəfindən təmin edilməsi keçirilən bütün seminarların əsas mövzularından biri olub.
Ekspertlər işğal olunan torpaqlarımızı azad etməklə ata vəsiyyətini yerinə yetirdim, dəmir yumruqla düşmənin başının əzildiyini, şəhidlərimizin və Xocalı soyqırımının qisasının alındığını deyən Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına dövlət qayğısının təmin olunması üçün verdiyi Fərman və sərəncamların Azərbaycan tarixində silinməz izlər buraxdığını tələbələrə izah ediblər. Onlar öz məkrli və təcavüzkar niyyətlərindən əl çəkməyən Ermənistanın işğalçı niyyətlərinə son verilməsi üçün əsas hədəflərdən birinin də məhz Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasından asılı olduğunu bildiriblər.
Tədbirlərdə çıxış edən tələbələr istər Xocalı soyqırımının, istərsə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələr, beynəlxalq konfranslar və şəxsi əlaqələr vasitəsi ilə əməli iş görəcəklərini vurğulayıblar. Həmçinin işğaldan azad olunan torpaqlarımıza qayıdış və dirçəliş prosesində dövlətimizin apardığı siyasətin dəstəklənməsində prinsipiallıqla fəaliyyət göstərəcəklərini deyiblər.
Layihə çərçivəsində iştirakçılara maarifləndirici materiallar, bukletlər və digər vəsaitlər paylanılıb.