QAN YADDAŞI
Xocalıda dinc insanların qətlə yetirənlərə hazırda Ermənistan elitasında təmsil olunan şəxslər rəhbərlik ediblər
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli soyqırımının törədildiyini xatırladıb. H.Qurbanov bildirib ki, hazırda Ermənistan elitasında təmsil olunan şəxslərin rəhbərliyi altında 26 il bundan əvvəl Xocalıda qoca, qadın, uşaq fərqi qoyulmadan dinc insanlara amansızcasına divan tutulub. O, faciə zamanı öldürülən insanların sayının əslində 613 olduğunu, itkin düşmüş şəxslərin erməni cəlladları tərəfindən basdırıldığını deyib.
Natiq qətliamın beynəlxalq miqyasda tanınması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən işlərdən, o cümlədən "Xocalıya ədalət!" kampaniyasının önəmindən danışıb. AHİ-nin sədri hazırda bir neçə dövlətin parlament səviyyəsində faciəni soyqırımı kimi tanıdığını, Avropanın, Asiyanın qabaqcıl ölkələrində Xocalı soyqırımının qurbanlarına abidələr ucaldıldığını söyləyib.
Anım tədbirində, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, Ədəbiyyat İnstitutunun elmi işçisi Aynurə Paşayeva, Neft və Qaz İnstitutunun böyük elmi işçisi Rəqsanə Əsgərova, Fizika İnstitutunun aparıcı elmi işçisi Rəhim Ələkbərov, İqtisadiyyat İnstitutunun həmkarlar ittifaqının sədri Tanrıverdi Paşa, Kataliz və Qeyri-üzvü Kimya İnstitutunun həmkarlar ittifaqının sədri Arif Əfəndi Xocalı soyqırımı barədə fikirlərini bölüşüb, faciənin dünya ictimaiyyətinə çatdırılmasında alimlərin rolunu qeyd ediblər.