QAN YADDAŞI
Xocalıda törədilən qətliam XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşüb
İstanbul, 25 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində İstanbulun Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “İslahatçı Gənclər” İctimai Birliyinin və Yeni Yüzyıl Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyənin və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazov, Şimali Kipr Türk Respublikasının vitse-spikeri Zorlu Töre, Makedoniya parlamentinin deputatı Enes İbrahim, Yeni Yüzyıl Universitetinin dekanı Cəlal Elbay çıxışlarında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən qətliamın XX əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşdüyünü bildiriblər. Qeyd edilib ki, ədalət tərəfində olan hər bir şəxs BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi qətnamələrinin icra edilməsini, hadisənin günahkarlarının törətdikləri cinayətlərə görə cavab verməsini tələb edir.
Anım mərasimində Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyasının” üzvləri tərəfindən Xocalı soyqırımı barədə musiqi nömrələri ifa edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul