REGİONLAR
Xocalılı seçicilər respublika üzrə 7 rayonda səs verirlər
Gəncə, 11 aprel, Rauf Hacıyev, AZƏRTAC
Xocalılı seçicilər respublika üzrə 7 rayonda səs verirlər.
124 saylı Şuşa–Ağdam–Xocalı-Xocavənd seçki dairəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 6 min 46 nəfər xocalılı seçici Bakı, Gəncə, Mingəçevir şəhərlərində və Goranboy, Bərdə, Oğuz, Şəki rayonlarında fəaliyyət göstərən 15 məntəqədə səs verirlər. Seçicilərdən 1 nəfərinin yaşı 100-dən yuxarı, 124 nəfəri isə 80-100 yaş arasında olanlardır. Həmçinin 305 nəfər gənc ilk dəfə olaraq prezident seçkilərində iştirak edir. Hazırda seçki prosesini 150 nəfər müşahidəçi izləyir.
Prezident seçkisində böyük ruh yüksəkliyi ilə iştirak etdiyini deyən rayon sakini, seçici Səxavət Məmmədov bildirib ki, torpaqları işğal altında olan bütün xocalılılar kimi onun da ən böyük arzusu tezliklə doğma yurd-yuvalarına qayıtmaq və rayonlarında yaradılmış məntəqələrdə səs verməkdir.