REGİONLAR


Xocalılılara məxsus heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirləri aparılır

Bakı, 16 aprel, AZƏRTAC

Bu ilin yanvar ayının ilk günlərindən başlayaraq, xocalılılara məxsus heyvanlar arasında profilaktiki peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, xocalılılara məxsus heyvanlar arasında “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirləri planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

Hazırda Xocalı rayonunun sakinləri ölkənin 35-ə yaxın rayon və şəhər ərazisində məskunlaşıb. Xocalı Rayon Baytarlıq İdarəsi sakinlərin sıx məskunlaşdığı ərazilərdə profilaktik və diaqnostik tədbirlər həyata keçirir. İdarə vətəndaşların xüsusi mülkiyyətində olan 2800 baş iribuynuzlu, 12300 baş xırdabuynuzlu, 100 baş təkdırnaqlı, 100 baş it və 17500 baş ev quşuna baytarlıq xidməti göstərir.

Hazırda Xocalı Rayon Baytarlıq İdarəsi tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Qəhrəmanov Məzahir Əhəd oğluna məxsus təsərrüfatda 65 baş iribuynuzlu heyvan arasında nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə aparılır. Eləcə də həmin təsərrüfatda ilin əvvəlindən qarayara, daha sonra isə dabaq xəstəliyi əleyhinə profilaktiki tədbirlər icra edilib. Ümumiyyətlə, Xocalı Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq, bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 2835 baş iribuynuzlu, 100 baş təkdırnaqlı heyvanda qarayara, 98 baş itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Fevral ayından bəri Xocalı Rayon Baytarlıq İdarəsi tərəfindən 2712 baş iribuynuzlu heyvanda dabaq və 23200 baş cücədə (La-sota ştammı) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri görülüb. Mart ayı ərzində idarənin sahə baytar məntəqələri Xocalı rayon sakinlərinə məxsus 2710 baş iribuynuzlu heyvanda iti yoluxucu nodulyar dermatit xəstəliyi, eləcə də 14800 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəlikləri əleyhinə peyvəndləmə işləri aparıb. Aprelin ilk günlərindən isə idarənin əməkdaşları xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbirinə başlayıblar. Artıq 8500 baş xırdabuynuzlu heyvanda bu tədbir aparılıb. Bununla yanaşı, 120 baş iribuynuzlu heyvan vərəmə görə allergik müayinə olunub. Yuxarıda qeyd edilmiş tədbirlərlə yanaşı, 7000 kvadratmetrə yaxın ərazidə profilaktiki dezinfeksiya işləri də icra olunub.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra xocalılılara məxsus ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndlənmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliklərini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan, ana qoyun və keçilərdən qan nümunələrinin götürülməsi, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.