QAN YADDAŞI


Xocalının keçmiş polis əməkdaşı: Şahidi olduğum erməni vəhşiliyini ömrüm boyu unutmayacağam

Bakı, 26 fevral, AZƏRTAC 

Xocalı qətliamı törədilən gün mən Xocalı Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində işləyirdim. Səhərin erkən saatlarında Xocalı şəhəri keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının əsgərləri və hərbi texnikası tərəfindən mühasirəyə alındı. Mən şəxsən şəhər ətrafında 30-dək zirehli texnika gördüm. O zaman biz hiss etdik ki, Xocalı şəhərinə hücum olacaq. Həmin an biz Bakıya və bir çox yerlərə Xocalının mühasirəyə alınması, şəhərdə qırğın törədilməsinin planlaşdırılması, dəhşətli faciənin baş verəcəyi barədə məlumat verdik. Ancaq Azərbaycanın o vaxtkı rəhbərliyi bu qırğının törədilməsinə laqeyd yanaşdı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən, Xocalı Rayon Polis Şöbəsinin rəis müavini, istefada olan polis polkovniki Hafiz Ədilov bildirib.

Keçmiş polis əməkdaşı qeyd edib ki, o zaman hakimiyyətdə olan qüvvələr ancaq siyasi maraqlarını güdməklə məşğul idilər. Onlar Xocalı sakinlərinin, ümumiyyətlə, Azərbaycan xalqının taleyinə biganə yanaşırdılar. Məhz bu biganəliyin nəticəsi idi ki, bir neçə saatın içində Xocalı hər tərəfdən atəşə tutuldu və şəhər alova büründü. Biz düşmənin cavabını verməyə çalışsaq da, şəhər tam zəbt olundu. Əfsuslar olsun ki, heç kim bizə dəstək olmadı. Mən həmin vaxt Xocalıda ermənilərin əsl vəhşiliyini gördüm. Ömrüm boyu bu faciəni unutmayacağam.

İstefada olan polis polkovniki vurğulayıb ki, bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə xeyli işlər görülür. Birinci vitse-prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bununla bağlı mühüm xidmətləri var. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində böyük işlər görülür. Bu işlərin nəticəsidir ki, bu gün dünya ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlər barədə daha çox məlumatlıdır.

Hafiz Ədilov əminliklə bildirib ki, işğal altındakı torpaqlarımız Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə gec-tez düşməndən azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, qaçqın və məcburi köçkünlərimiz tezliklə öz doğma torpaqlarına qayıdacaqlar. Ötən ilin aprel döyüşlərində qazandığımız qələbə bizdə bu əminliyi daha da artırdı. Bu gün Cocuq Mərcanlı kəndində görülən bərpa işləri Böyük Qayıdışın ilk mesajıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.