REGİONLAR


“Xocalının səsi” qəzetinin 300-cü sayı ümumrayon səviyyəsində qeyd olunub

Goranboy, 11 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Dağlıq Qarabağ münaqişəsinin tarixinə və Xocalı soyqırımına, bu faciədə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən günahsız insanların, yaxud həmin insanların doğmalarının, yaxınlarının kədərli taleyinə öz səhifələrində geniş yer ayıran və xocalıların məruz qaldığı dəhşətli faciələri geniş ictimaiyyətə çatdıran “Xocalının səsi” qəzetinin 300-cü buraxılışı işıq üzü görüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətilə Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ümumrayon tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, “Xocalının səsi” qəzetinin əməkdaşları, rayon ziyalıları iştirak ediblər.

Lamiyə Qarayeva tədbirdə “Xocalının səsi” qəzetinin yaranma tarixindən və fəaliyyətindən danışıb. Qeyd edilib ki, rayonun tək və aparıcı mətbuat orqanı olan “Xocalının səsi” qəzeti yarandığı gündən Qarabağ həqiqətlərini işıqlandırmağa başlayıb. “Xocalının səsi” qəzetinin mərhum redaktorları çətin vəziyyətdə fədakarlıq göstərərək qəzetin fəaliyyətini davam etdirə biliblər.

Köçkünlük həyatının ağır şərtlərinə baxmayaraq, bu gün də qəzetin səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri, Qarabağ həqiqətləri geniş yer alır. Həmçinin erməni əsirliyində olmuş Xocalı sakinlərindən, Milli qəhrəmanlardan mütəmadi olaraq yazılar verilir. Bununla belə, “Xocalının səsi” qəzetindəki məqalələr sosial şəbəkələrdə, qəzetin internet ünvanı olan xocalininsesi.info saytında geniş oxucu kütləsinə çatdırılır.

“Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu çıxış edərək qəzetin yarandığı ilk gündən indiyə qədərki fəaliyyətindən, mərhum redaktorların əməyindən, dövlətimizin başçısının milli mətbuatımıza verdiyi dəyərdən danışıb.

Bildirilib ki, “Xocalının səsi” qəzetinin ilk nömrəsi çap olunan zaman Xocalıya artıq rayon statusu verilmişdi. Rayonda abadlaşdırma işləri aparılır, yeni müəssisələr yaradılırdı. Düşmən tərəfi isə özünün məkrli niyyətini gizlədir, Qarabağın işğal planını hazırlayırdı. Bununla belə qəzet real hadisələri olduğu kimi oxucularına çatdırmağa çalışırdı.

Artıq 300-cü sayı işıq üzü görən qəzet, xocalıların köçkünlük həyatı başlayandan bu vaxta kimi Bərdə, Tərtər, Quba, Bakı, Gəncə şəhərlərində fəaliyyət göstərib və rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə, bütün sahələrin işıqlandırılmasında mühüm rol oynayıb. Ayda bir dəfə nəşr edilən qəzet 8 səhifədən ibarətdir.

Qəzet bu gün də ulu öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti, eləcə də rayonda baş verən yenilikləri geniş oxucu kütləsinə çatdırır, Qarabağ müharibəsinin əsl mahiyyətini, onun tarixini, bu gününü, xalqımızın ədalətli mövqeyini nümayiş etdirir, qaçqın və məcburi köçkünlərin həyat şəraitini öz səhifələrində müntəzəm işıqlandırır.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə qəzetin redaktoru Qalib Bəyməmmədoğlu rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.