SİYASƏT
“Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası beş illik fəaliyyəti dövründə çox böyük işlər görmüşdür VİDEO
Bakı, 20 iyun (AZƏRTAC). “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası beş illik fəaliyyəti dövründə çox böyük işlər görmüşdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 20-də Azərbaycan Respublikası Baş nazirinin mavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində demişdir.
Baş nazirin müavini bildirmişdir ki, “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində dünyanın bir sıra ölkələrində və ABŞ-ın 15 ştatında Xocalı qətliamı soyqırımı kimi tanınmış, faciə qurbanlarının xatirəsinə abidələr ucaldılmışıdır. Bütün bunlar son illərdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir.
Əli Həsənov qeyd etmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. Kampaniya çərçivəsində hər il ayrı-ayrı ölkələrdə faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir, müzakirələr aparılır. Dünya ictimaiyyəti artıq bu soyqırımı ilə bağlı ətraflı məlumatlandırılmışdır.