REGİONLAR
Xocavənd Suvarma Sistemləri İdarəsi tərəfindən yeni beton kanal çəkilir VİDEO
Bakı, 10 noyabr, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki məntəqədə suvarma işlərinin yaxşılaşdırılması üçün yeni beton kanal çəkilir.
AZƏRTAC xəbər verir ki, Xocavənd Suvarma Sistemləri İdarəsinin əsas funksiyası rayon ərazisində yerləşən kənd və qəsəbələrdə yaşayan əhaliyə verilmiş pay torpaqlarının və digər sahibkarlıq subyekti olan kənd təsərrüfatı əkinlərinin suvarılmasını, meliorasiya və irriqasiya işlərinin yerinə yetirilməsini təmin etməkdir. İdarə 7836 hektar sahəyə xidmət edir. İdarənin istismarında 38 kilometrə yaxın örtük çəkilmiş, 3,8 kilometr nov lotok, 9 kilometrə yaxın qapalı boru su kəməri, 26 kilometr torpaq kanallar, 76 kilometrə yaxın suyığıcı dren şəbəkəsi, 37 subartezian quyusu, 596 ədəd müxtəlif növ hidrotexniki qurğu mövcuddur. İl ərzində görülən işlər nəticəsində istər kanallarda, istərsə də hidrotexniki qurğularda cari təmir işləri aparılıb və bu işlər davam etdirilir.
Xocavənd Suvarma Sistemləri İdarəsi rayon ərazisində olan əkin sahələrinin mütəşəkkil olaraq suvarılmasını təmin etmək üçün bir sıra tədbirlər görür. Bu işlərdən ən vacibi kanalların daimi olaraq lildən təmizlənməsidir. Hazırda idarənin texnikaları vasitəsilə bir neçə istiqamətdə kanallar kol-kosdan və lildən təmizlənir. Bundan başqa, suvarılmanın aparılması üçün elektriklə işləyən 3 aqreqatlı nasos stansiyasından və 37 ədəd subartezian quyusundan da istifadə olunur. Subartezian quyuları vasitəsilə 1279 hektar, nasos stansiyaları vasitəsilə 200 hektar sahənin suvarılması həyata keçirilir. Torpaqların münbitləşdirilərək əkinə qaytarılması üçün isə kollektor-drenaj şəbəkəsində meliorativ tədbirlər davam edir.
Qeyd edək ki, Xocavənd Suvarma Sistemləri İdarəsi tərəfindən rüb ərzində nasoslar vasitəsilə 2,1 milyon kub və subartezian quyuları vasitəsilə 6,3 milyon kub suvarma suyu istifadə olunub.