REGİONLAR


Xocavənd rayonu üzrə yeni tədris ilinə hazırlıq vəziyyəti müzakirə edilib

Beyləqan, 12 sentyabr, AZƏRTAC

Xocavənd rayonu üzrə 16 ümumtəhsil, o cümlədən 11 tam orta, 2 ümumi orta, 3 ibtidai məktəb xocavəndli məcburi köçkünlərin daha sıx məskunlaşdıqları respublikanın 5 şəhər və rayonunda fəaliyyət göstərir. Ötən tədris ilində bu məktəblərdə 2067 şagirdin təlim-tərbiyəsi ilə 344 pedaqoji işçi məşğul olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki mədəniyyət evində keçirilən təhsil işçilərinin konfransında məlumat verilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbədəki büstü önünə tər gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Rayon Təhsil Şöbəsinin müdiri Ümidvar Məmmədovun məruzəsində ötən dərs ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, 2017-2018-ci tədris ilində də rayonun şagirdləri respublika fənn olimpiadalarında, müxtəlif yarış və müsabiqələrdə fəal iştirak ediblər. Bu il rayon məktəblərini bitirmiş 120 məzundan, 65 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Gənclərdən 8 nəfəri 400-dən, 8 nəfəri 500-dən, 1 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində Xocavənd rayon 4 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi Zərnişan Həsənova tərifnamə ilə təltif olunub. Xocavənd 2 nömrəli tam orta məktəbin "Mübariz" komandası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş breyn-rinq intellektual bilik yarışında birinci yerin qalibi olub. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNICEF-in birgə təşkilatçılığı ilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirdə “Mənim Azərbaycanım” mövzusu üzrə "Nərgiztəpə abidəsi" rəsmi ilə rayonu təmsil edən Nərimanlı kənd tam orta məktəbinin şagirdi Əlizaman Oruclu uğurlu iştirakına görə diplomla təltif edilib.

Konfransda çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Elxan Bəylərov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən, pedaqoji kollektivin qarşısında duran vəzifələrdən danışıblar.

Sonda qabaqcıl müəllimlərə fəxri fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.