REGİONLAR


Xocavənd sakinləri qələbə sevincini yaşayırlar - YENİLƏNİB FOTO

Beyləqan, 15 oktyabr, A.Yavər, foto A.Məmmədov, AZƏRTAC

İyirmi səkkiz ildir ki, yurd həsrəti ilə yaşayan xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Onlar 28 ildir ki, doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, sentyabrın 27-dən başlayaraq erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun tutarlı cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikalarının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin işğaldan azad olunması xalqımızda, o cümlədən Xocavənd sakinlərində böyük ruh yüksəkliyi yaradıb. Bütün xalqımız kimi, xocavəndlilər də hazırda işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün yaxında olduğuna inanırlar.

Azərbaycan Ordusunun ard-arda düşmənə zərbələr endirdiyi bu günlərdə xocavəndlilər işğaldan azad edilmiş torpaqlarımızın qələbə sevincini yaşayırlar.

Beyləqanda salınan Xocavənd qəsəbəsinin sakinləri oktyabrın 15-də Qələbə yürüşü ediblər.

Rəşadətli Azərbaycan Ordusu tərəfindən dünən Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Bu xəbəri eşidən xocavəndlilər qəsəbə ərazisində bayram edir, qələbə sevincini yaşayırlar.

Bu sevinc hisslərini AZƏRTAC-la bölüşən Tahirə Rüstəmova ilk dəfədir ki, belə qürur dolu anlar yaşadığını deyib: “Ordumuz, Ali Baş Komandanımız var olsun. İnşallah, onların sayəsində bütün torpaqlarımız azad olacaq və bu sevincli günləri hələ çox yaşayacağıq”.

Gültəkin Ağayeva da Xocavənd sakinidir. “Bu sevincimizi sözlə ifadə etmək çox çətindir. Hər gün torpaqlarımızın bir hissəsi düşmən tapdağından xilas edilir. Bu 30 ilin həsrəti artıq sevinclə əvəzlənir”, - deyə o bildirib.

Qələbə sevincini yaşayanlardan biri də Aslan Quliyevdir. O da hisslərini bölüşərək deyib: “Bu günlərdə hər bir azərbaycanlı sevinir. Biz xocavəndlilər də böyük sevinc hissi yaşayırıq. Bu qələbə xəbərləri üçün başda Ali Baş Komandan İlham Əliyev olmaqla, ordumuza təşəkkür edirik. Biz əminik ki, uğurlu əməliyyatların davamı çox olacaq və bayrağımız işğal edilən bütün torpaqlarda dalğalanacaq”.

Qeyd edək ki, düşmənin yurd-yuvasından didərgin saldığı xocavəndlilər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində salınan Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisindəki massivdə yaşayırlar. Rayonun bütün icra strukturları Beyləqan rayonu ərazisindəki 500 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.