REGİONLAR
Xocavənddəki kütləvi məzarlıqda ayaqları bağlanmış azərbaycanlı hərbçilərin skeletləri tapılıb VİDEO
Xocavənd, 4 oktyabr, A.Yavərzadə, AZƏRTAC
Ermənilər tarix boyu xalqımıza qarşı misli görünməmiş qırğınlar törədiblər. Xocavəndin Edilli kəndində aşkarlanan növbəti məzarlıq da bunlardan biridir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Nuranə Hüseynova işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan məzarlığa baxış zamanı deyib.
“Xocavənd rayonunun Edilli kəndində 3 sahə aşkar olunub. Birinci və ikinci sahədə ümumi 6 skelet, üçüncü sahədə isə 12 skelet sümüyü aşkarlanıb. Skeletlər hərbçilərə aiddir. Üzərlərində paltarlar, ayaqlarında qara dəriyə bənzər çəkmələr var. Bundan əlavə, 2 ədəd bıçaq, siqaret kötükləri, gilizlər aşkarlandı. Çoxunun ayaqları məftil və kəndirlə bağlanıb. Sümüklər müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək və daha dəqiq müayinələr orada davam etdiriləcək”, - deyə o bildirib.