REGİONLAR


Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə xalça istehsalı müəssisəsi tikiləcək

Beyləqan, 9 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC 

Ərazisi işğal altında olan xocavəndli məcburi köçkünlər respublikanın 40 şəhər və rayonunda məskunlaşıblar. Onlar əsasən Beyləqan rayonu ərazisində yerləşən Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisində salınmış yaşayış massivində yığcam şəkildə yaşayırlar. 2018-ci ildə xocavəndli məcburi köçkünlərin məskunlaşdığı 12 rayonda 44 səyyar qəbul keçirilib. 1302 sakinin iştirak etdiyi görüşlərdə müxtəlif problemlərlə bağlı 77 məsələ barədə müraciət olunub. Qaldırılmış məsələlərin bir hissəsi müsbət həllini tapıb, digərləri ilə bağlı yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılıb, rayon təşkilatlarına tapşırıqlar verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 2018-ci ilin yekunlarına həsr olunan yığıncaqda məlumat verilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xocavənd qəsəbəsindəki büstü önünə gül dəstələri qoyub, mədəniyyət evinin qarşısında ötən ilin sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxış keçiriblər.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun məruzəsində bildirilib ki, ötən il xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksi istifadəyə verilib. Salakətin kənd, 2 və 4 nömrəli tam orta, Axullu kənd və 10 nömrəli ümumi orta məktəblərinin binaları cari, Xocavənd kənd uşaq bağçasının istilik sistemi isə əsaslı təmir edilib. Xocavənd qəsəbəsində abadlıq işləri aparılaraq 23 ədəd işıq dirəyi quraşdırılıb, 2000 kvadratmetr sahəyə ot örtüyü salınıb. 2019-cu ildə qədim xalçaçılıq sənətinin inkişaf etdirilməsi və məcburi köçkünlərin işlə təmin edilməsi üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 320 ailəlik qəsəbədə xalça istehsalı müəssisəsinin tikintisi nəzərdə tutulub.

Yığıncaqda qeyd olunub ki, xocavəndli məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi də diqqətdə saxlanılır. 2018-ci ildə rayon Məşğulluq Mərkəzinə müraciət edən 192 nəfər işaxtaran vətəndaşdan 56-sı işlə təmin olunub. Bundan başqa, özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərdən 63 nəfəri biznes planlarını təqdim edib. Onlardan 44 nəfəri öz bizneslərini inkişaf etdirmək üçün aktivlərlə təmin olunub.

Məlumat verilib ki, ötən il ilk dəfə olaraq ipəkqurdu bəsləyən Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər 1 ton 47 kiloqram barama tədarük ediblər. 97 hektar pambıq sahəsindən 194,9 ton, 7881,8 hektar buğda sahəsindən 16 min 403 ton, 220 hektar arpa sahəsindən 506 ton məhsul əldə olunub. Bundan başqa rayon üzrə 806,5 ton soğan, 234,9 ton kartof, 1159,1 ton tərəvəz məhsulları istehsal edilib. Baramaçılığın inkişafı məqsədilə 15 min 500 ədəd tut tingi əkilib, 7 hektarda fındıq, 2 hektarda nar bağları salınıb.

Diqqətə çatdırılıb ki, rayonun təsərrüfatlarında 2126 baş iribuynuzlu mal-qara, 20 min 228 baş qoyun-keçi var. 2018-ci ildə 7783 sentner ət, 25 min 102 sentner süd, 151 sentner yun istehsal edilib.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən söz açılıb.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək, ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.