REGİONLAR
Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər






Beyləqan, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocavəndlilər xalqımızın qədim ənənələrini özündə yaşadan bahar bayramını yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı münasibətilə keçirilən ümumrayon tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarələrin, müəssisələrin, təşkilatların rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Xocavənd qəsəbəsində bayramsayağı bəzədilmiş Bayraq Meydanında çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlar, Novruz atributları, xalçalar, əl işləri nümayiş etdirilib. Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızların rəqsləri, rəngarəng musiqi nömrələri tədbirə xüsusi rəng qatıb. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl şən zarafatları ilə xoş ovqat yaradıb. Tədbirdə milli adət-ənənələrimizi əks etdirən səhnəciklər göstərilib, idmançıların nümunəvi çıxışları maraqla qarşılanıb.
Bayram tədbiri rayon mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqs nümunələri ilə davam edib.