MƏDƏNİYYƏT
Xoreoqrafiya Akademiyası tələbələrinin buraxılış-hesabat tamaşası: “Yeddi gözəl”
Bakı, 30 may, Z.Mansurova, AZƏRTAC
Mayın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin buraxılış-hesabat tamaşası olan bu balet həm də Azərbaycanda “İslam Həmrəyliyi ili”nə həsr olunmuş növbəti layihələrdən biridir.
Səhnə əsərinin bədii rəhbəri Xalq Artisti Kamilla Hüseynova, repititor Fərid İbrahimov, müəllimlər Əməkdar Mədəniyyət İşçisi Mayra Almaszadə, Lyudmila Həsənova və Yekaterina Mustafayevadır. Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri müşayiət edib. Orkestrin dirijoru Əməkdar Artist Əyyub Quliyevdir.
“Yeddi gözəl” baleti Bakı Xoreoqrafiya Akademiyasının tarixində ilk dəfədir ki, tələbələr tərəfindən ifa olunub. Baş rolları Seymur Qədiyev, Dinara Şirinova, Nurlan Rəsulov, rolları Fatimə Xələfova, Nərmin Vəkilova, Aygül Həsənzadə və başqaları ifa ediblər.