MƏDƏNİYYƏT
Xoreoqrafiya Akademiyasında sinif konserti təşkil edilib
Bakı, 19 aprel, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) akademiyanın musiqi fənləri kafedrasının müəllimi Sevda Axundovanın tam orta məktəbin şagirdləri və incəsənət fakültəsində instrumental ifaçılıq (fortepiano) ixtisası üzrə qiyabi təhsil alan tələbələrin iştirakı ilə sinif konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, böyük uğurla keçən konsert proqramında Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizad”, “Oxatanların rəqsi”, “Şəhrizad və Şəhriyarın dueti”, “Bağdad bazarı”, “Mərcanənin rəqsi”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletindən “Gülyanağın rəfiqələri ilə rəqsi”, “Adajio”, “Gürcü rəqsi”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Prelüd”, “Hind rəqsi”, “Ayşənin rəqsi”, “Vals”, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin göz yaşları”, “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” balet əsərlərindən parçalar yer alıb.
Maraqla qarşılanan konsert, Bakı Xoreoqrafiya Akademiyasında musiqi ifaçılığı və konsertmeyster ustalığı üzrə yüksəkixtisaslı kadrların yetişməsi üçün potensialın mövcud olmasını bir daha əyani şəkildə nümayiş etdirib.