REGİONLAR
Xoreoqrafiya üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasında ustad dərslər müsbət rol oynayır
Şəki, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri tərəfindən Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Balakən, Zaqatala, Qax və Şəki rayonlarının uşaq incəsənət məktəbləri, mədəniyyət evləri və klublarında çalışan xoreoqrafiya üzrə mütəxəssislər və şagirdlər üçün ustad dərslər təşkil edilib.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin konsert zalında keçirilən dərsləri Bakı Xoreoqrafiya Akademiyasının kafedra müdiri, Əməkdar artist Sənan Hüseynli və Akademiyanın müəllimi, Prezident mükafatçısı Çinarə Quliyeva aparıblar.
Əvvəlcə kollektivlərin ifasında bir neçə rəqs təqdim olunub. Sonra Akademiyanın aparıcı müəllimləri tərəfindən xüsusi innovativ proqram üzrə məşğələlər keçirilib.
Sənan Hüseynlinin bildirdiyinə görə, Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən ustad dərsləri respublikanın şəhər və rayonlarında xoreoqrafiya sənətinin təbliği, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin, həmçinin məktəblərdə və digər mədəniyyət müəssisələrində xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bu sahədə istedadlı yeniyetmələrin aşkar edilməsi məqsədi daşıyır.