SİYASƏT


Xorvatiya jurnalında Ermənistan-Azərbaycan münaqişəsinə dair məqalə dərc olunub

Zaqreb, 20 noyabr, AZƏRTAC

Xorvatiyanın “Nacional” ictimai-siyasi jurnalında ölkənin sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin İdarə Heyətinin üzvü İvo Yosipoviçin Ermənistan-Azərbaycan münaqişəsinə dair “Sağlam düşüncə siyasətdə çox zaman gec qalır, amma həmişə xoş qarşılanır” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazıda İ.Yosipoviç 20 il əvvəl Avropa Şurasının eksperti qismində ilk dəfə Azərbaycanda olduğunu qeyd edib. Bildirib ki, zəngin qaz və neft resursları, düzgün iqtisadi siyasət sayəsində bu gün Azərbaycan müasir ölkəyə çevrilib. Eyni zamanda, müəllif vurğulayır ki, Qarabağın itirilməsi azərbaycanlıların ürəyində dərin yara kimi qalmışdı.

İ.Yosipoviç Ermənistanın 1990-cı illərdə xarici havadarlarının siyasi və hərbi dəstəyindən faydalanaraq Azərbaycanın torpaqlarını zəbt etməsini və orada qondarma “müstəqil dövlət” yaratmasını qınayıb. Qeyd edib ki, son 30 il ərzində Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclənib, paytaxt Bakı Avropanın ən gözəl paytaxt şəhərləri ilə bir səviyyədədir. Hazırda Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistanı dəfələrlə üstələyir. Nəticədə Azərbaycan mühüm qələbələr qazandı və erməni tərəfini hərbi fəlakətlə üzbəüz qoydu. Son məqamda Ermənistan rəhbərliyi Qarabağdakı ambisiyalarından əl çəkməyə məcbur olaraq Moskvanın vasitəçiliyi ilə ərazilərin Azərbaycana qaytarılmasına dair bəyanat imzaladı.

İ.Yosipoviç qeyd edib ki, Azərbaycan rəhbərliyinin qərarı mərhəmətli və müdrikdir. Aşkar üstünlükdən faydalanmaq və düşməni tamamilə əzmək əvəzinə, Azərbaycan humanistlik göstərərək danışıqlara razılıq verdi. Bu, bölgədə sülhün bərqərar olması üçün yaxşı imkan yaradır.

Müəllif vaxtilə Xorvatiyanın da eyni münaqişə və proseslərdən keçdiyini xatırladıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.