SİYASƏT


Xorvatiya mətbuatı Aİ və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqdan yazır

Zaqreb, 30 iyul, AZƏRTAC

Xorvatiyanın nüfuzlu “Nacional” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsindəki strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması barədə geniş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan ilə Aİ arasında enerji sahəsindəki strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, memorandumun mühüm əhəmiyyət kəsb etməsi, enerji sahəsində apardığımız fəal əməkdaşlığın uzunmüddətli tarixi, 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması barədə ətraflı məlumat verilib.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələrinin Avropanın enerji xəritəsini dəyişməsi, Cənub Qaz Dəhlizinin əhəmiyyəti və böyük faydası, enerji təhlükəsizliyi məsələlərinin bu gün heç zaman olmadığı qədər aktual olması qeyd olunub.

Məqalədə, həmçinin cari ildə Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpa olunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələləri nəzərdə tutan enerji dialoqunun başlandığı, başda Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində günəş və külək enerjisi olmaqla, Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində nəhəng resurs ehtiyatları və böyük potensialın olduğu diqqətə çatdırılıb.

İmzalanan memorandumun gələcək üçün bir növ yol xəritəsi olduğu, əvvəl planlaşdırılan bütün məsələlərin tərəfimizdən icra olunduğu nəzərə alınaraq, bundan sonra da böyük uğurlara imza atacağımıza inam olduğu vurğulanıb.

Azərbaycanın coğrafi mövqeyi və müasir daşımalar infrastrukturu, gəmiqayırma imkanları, yeni dəniz limanı, qonşu ölkələrlə bizi birləşdirən dəmir yollarının əhəmiyyəti, Aİ ilə münasibətlərimizdə yalnız enerji sahəsinin deyil, habelə nəqliyyat infrastrukturunun genişləndirilməsinə yönələn birgə səylərin davam etdirilməsinə ehtiyac duyulduğu diqqətə çatdırılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.