SİYASƏT


Xorvatiya qəzeti Azərbaycanın Qarabağ müharibəsində Qələbəsindən yazır

Zaqreb, 17 noyabr, AZƏRTAC

Xorvatiyanın “Jutarnji List” qəzetində və eyniadlı xəbər portalında beynəlxalq məsələlər üzrə ekspert Krşevan Antun Duymoviçin Qarabağ müharibəsində Azərbaycanın Qələbəsindən bəhs edən məqaləsi dərc olunub.

Qeyd edək ki, Krşevan Antun Duymoviç Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisidir və bir neçə il öncə elmi işi ilə əlaqədar Azərbaycana səfər edib.

Məqalənin əvvəlində müəllif qısa məlumat verib ki, Qarabağ ərazisi Azərbaycana aiddir və 1988-1993-ci illər ərzində baş vermiş münaqişə nəticəsində ermənilərin nəzarəti altına keçib. Qeyd olunub ki, 30 ilə yaxın müddətdə münaqişənin həll olunmamasında və alovlanmasında beynəlxalq ictimaiyyətin bu tipli problemlərin həllində aciz olmasının göstəricisidir. ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq, münaqişənin həlli yolu tapılmayıb, hətta 2016-cı ildə bir neçə gün şiddətli döyüşlər olub.

Müəllif dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir zamanda Ermənistanın cari ilin iyul ayında Tovuz istiqamətini atəşə tutmasını, bu ərazilərin Qarabağdan uzaq olduğunu və ən əsası, Azərbaycandan Avropaya gedən enerji xətlərinin yanında baş verdiyini vurğulayıb. Ermənistanın sözügedən addımı bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu halda baş verməsi diqqətçəkən məqam kimi dəyərləndirilib. Sentyabr ayında münaqişənin aktiv fazası başlayan zaman Rusiya Ermənistana ancaq ölkənin ərazi bütövlüyü pozularsa kömək edə biləcəyini açıqlayıb.

Eyni zamanda, müəllif Türkiyənin Azərbaycanla tarixi kökləri və çox yaxın münasibətləri barədə məlumat verir.

Məqalədə bildirilir ki, Azərbaycan Ermənistanın sentyabrın 27-dəki təxribatına qarşı geniş əməliyyat aparıb, 8 noyabr tarixində Şuşanı alaraq, Ermənistanı məğlub vəziyyətə gətirib.

Müəllif Ermənistanın Gəncə və Bərdəyə raket zərbələrini də qeyd edib və qadağan olunan silahların istifadəsini qınayıb.

Noyabr ayının 10-da imzalanan bəyanata nəzər yetirən müəllif bu sənədlə Ermənistanın məğlub olduğunu, Azərbaycanın isə istədiyinə nail olduğunu vurğulayıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.