SİYASƏT


Xorvatiya qəzetləri Zaqrebdə Azərbaycan ilə bağlı keçirilən tədbirləri geniş işıqlandırıb

Zaqreb, 1 oktyabr, AZƏRTAC

Zaqreb şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkarımız Qara Qarayevin 100 illiyinin qeyd olunması münasibətilə “Xorvat yazısı” qəzetində geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Xorvatiya Musiqi Akademiyasının müəllimi və eyni zamanda, qəzet yazarı kimi fəaliyyət göstərən xanım Eva Kirçmayer-Biliçin müəllifi olduğu “İki xalqın musiqili dostluğu“ adlı məqalədə konsertdə səsləndirilən Azərbaycan klassik musiqisinin parlaq nümunələrinin hər iki ölkənin musiqiçiləri tərəfindən ustalıqla ifa olunduğu qeyd edilir. Məqalədə bu qəbildən olan tədbirlərin xalqlar arasında münasibətlərin yaxınlaşmasına xidmət etdiyi vurğulanır. Konsertdə musiqiçilər tərəfindən görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl”, "İldırımlı yollarla" baletlərindən parçalar ifa olunub, Fikrət Əmirov, Tofiq Quliyev, Fərhad Bədəlbəyli və Vaqif Mustafazadənin əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xorvatiyada çap olunan “Glas Narodne Diplomacije” (Milli Diplomatiyanın Səsi) jurnalının 30-cu yubiley saylı buraxılışında müəllif xanım Sandra Brambillanın “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və görkəmli dövlət xadimi Heydər Əliyevin 95 illiyinin qeyd olunması” adlı məqaləsi dərc edilib.

Müəllif cari il mayın 10-da Azərbaycanın Xorvatiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci doğum gününə həsr olunmuş mərasim barədə oxuculara məlumat verib, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən söz açıb, Ümummilli Liderin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən, respublikamızın xarici siyasət sisteminin, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edir.

Daha sonra S.Brambilla Zaqrebdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təşkil olunan tədbir barədə oxuculara məlumat verir. Müəllif tarixə nəzər salaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraiti və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahat və quruculuq işlərindən, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatının təşkil edilməsi, ölkənin sərhədlərinin müəyyənləşdirilməsi, dövlət rəmzlərinin yaradılmasından söz açır. Məqalədə Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsindən sonra qazanılmış uğurlar, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətləri və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat verilir.

Yazıda Xorvatiya və Azərbaycan arasında münasibətlərin strateji səviyyədə olduğu vurğulanır, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün böyük potensialın olduğunu qeyd olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.