CÜMHURİYYƏT - 100
Xorvatiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
Zaqreb, 3 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar planlaşdırılmış tədbirlər çərçivəsində Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov mayın 3-də Zaqreb şəhərindəki Avropa Evində çıxış edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Cümhuriyyətin 23 aylıq fəaliyyəti dövründə müsəlman Şərqində ilk parlament, milli bank, milli pul vahidi, dövlət dili, dövlət bayrağı, dövlət universiteti təsis edilib və dünyanın bir çox inkişaf etmiş ölkələrindən öncə qadınlara səsvermə hüququ verilib. Parlamentdə milli azlıqlar təmsil olunublar.
Diplomat bu il Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini və ölkəmizin qürurlu tarixinə həsr olunan bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
O, Azərbaycanın xarici siyasətindən, beynəlxalq münasibətlər sistemində mövqeyindən də söhbət açıb. Bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra daxili çaxnaşmalar, siyasi və iqtisadi böhran içində olan, digər tərəfdən, hərbi təcavüzə məruz qalmış Azərbaycan ümummilli lider Heydər Əliyevin memarı olduğu siyasi strategiya sayəsində müasir, qüdrətli, multikultural, regionda lider dövlətə, beynəlxalq aləmdə etibarlı müttəfiqə çevrilib.
Səfir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını tələb edən 4 qətnaməsinin olduğu, lakin Ermənistanın bu qətnamələrə və ümumiyyətlə, dünya ictimaiyyətinin münaqişə ilə bağlı ədalətli mövqeyinə laqeyd yanaşdığı vurğulanıb. Ermənistanın Azərbaycan torpaqlarının işğalını dərhal dayandırmasının, silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasının və məcburi köçkünlərin öz yerlərinə qaytarılması üçün beynəlxalq ictimaiyyətin səylərinin gücləndirilməsinin vacibliyi qeyd edilib.
“Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edən F.Qurbanov paytaxtımızın namizədliyini dəstəkləməyə çağırıb.
Tədbir zamanı iştirakçılara “İrs” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş xüsusi buraxılışı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitabçalar paylanılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb