MƏDƏNİYYƏT
Xorvatiyada keçiriləcək “Red Bull BC One” Şərqi Avropa seçmələrində Azərbaycanı təmsil edəcək bi-boy müəyyənləşmişdir VİDEO
Bakı, 24 aprel (AZƏRTAC, Raisə Abbasova). Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında breykdans üzrə “Red Bull BC One” Beynəlxalq çempionatının növbəti seçmə mərhələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ölkənin 16 istedadlı bi-boyları nadir təkbətək formatlı batllarda öz breykdans stilini nümayiş etdirərək “ən yaxşısı” titulu uğrunda yarışmışdılar.
Gərgin mübarizə şəraitində keçən “Red Bull BC One Azerbaijan Cypher-2014” seçmə mərhələsinin qalibi STIMO olmuşdur. O, Xorvatiyada keçiriləcək “Red Bull BC One” Şərqi Avropa seçmələrində ölkəmizi təmsil edəcəkdir.
Qeyd edək ki, “Red Bull BC One” turniri ilk dəfə 2004-cü ildə İsveçrənin Bil şəhərində keçirilmişdir. Sonrakı illər ərzində çempionatlar Almaniya, Braziliya, Cənubi Afrika Respublikası, Fransa, ABŞ, Yaponiya, Rusiya və Koreya Respublikasında keçirilmişdir. Azərbaycan iştirakçılar sırasına 2011-ci ildən daxil olmuşdur.
Hazırda “Red Bull BC One” turniri hip-hop mədəniyyətində əsas hadisələrdən biridir və bu sənət növünü populyarlaşdırmağa kömək edir. Lakin bununla bərabər əvvəlki “təkbətək” batll formatını qoruyub saxlayır.
Bütün il ərzində bi-boylar “Red Bull BC One” seçmə yarışlarının gedişində kimin güclü və həm də dünya finalında çıxış etməyə layiq olduğunu müəyyənləşdirməlidirlər. Hər ölkədən olan on altı bi-boy rəqs meydançasında kimin ABŞ, Braziliya, Əlcəzair, Finlandiya, Xorvatiya və Tayvanda keçiriləcək altı finaldan birində ölkəsini təmsil etməsinə aydınlıq gətirəcəkdir.
Qaliblər noyabr ayında Fransada keçiriləcək dünya finalında görüşəcəklər.