İQTİSADİYYAT


Xorvatiyada keçirilən forumda Azərbaycanın enerji layihələri barədə müzakirələr aparılıb

Split, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, SOCAR-ın İnvestor Əlaqələri Departamentinin rəhbəri və Balkan üzrə Biznesin İnkişafı Departamentinin meneceri Kamran Hüseynov Split şəhərində keçirilən İkinci Beynəlxalq Enerji və Bankçılıq Forumunda iştirak ediblər.

Forumun rəsmi açılışından sonra Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin tədbir iştirakçılarına ünvanlanmış məktubu oxunub. Məktubda Prezident ölkəsinin enerji layihələrindəki potensialından danışıb və Azərbaycan Prezidenti İlham Əliyevin sentyabr ayının əvvəlində Xorvatiyaya rəsmi səfəri zamanı iki ölkə arasında bir çox sahələrdə, o cümlədən enerji sahəsində geniş müzakirələrin aparıldığını vurğulayıb. Qeyd olunub ki, Xorvatiya “Cənub Qaz Dəhlizi” layihəsinə İAP və Krk adasındakı LNG terminalı vasitəsilə qoşulub, Avropanın qaz təchizatında daha yüksək səviyyədə iştirak etmək niyyətindədir.

Səfir Fəxrəddin Qurbanov “Avrasiyanın yeni geosiyasi kontekstində enerji trendləri və tendensiyaları” adlı paneldə çıxış edərək Azərbaycanın Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi layihələrin həyata keçirilməsində təşəbbüskar və iştirakçı olmaqla artıq Avropanın etibarlı tərəfdaşı qismində qəbul edildiyini bildirib. Səfir Cənub Qaz Dəhlizinin tərkib hissələri olan TAP və TANAP layihələri üzrə hazırda gedən proseslərin məzmunu barədə tədbir iştirakçılarına məlumat verib. O, sözügedən layihələrdə Xorvatiyanın daha aktiv iştirakının ölkə və ümumiyyətlə, region üçün faydalarından söz açıb.

Kamran Hüseynov “Xorvatiya və Avrasiya ölkələri – enerji sahəsində əməkdaşlıq imkanları” mövzusunda paneldə təqdimatla çıxış edib. O, “SOCAR Balkans” şirkətinin regionda fəaliyyəti və layihələri haqqında məlumat verib, İAP layihəsinin Cənub Qaz Dəhlizinin tərkib hissəsi olaraq regionun enerji təhlükəsizliyinə töhfə verəcəyini bildirib.

Forumda işgüzar əlaqələrin qurulması, əməkdaşlığın təşviqi və investisiya imkanlarını müzakirə etmək məqsədilə akademik icma üzvləri, nazirliklər, yerli və xarici enerji ekspertləri, neft və maliyyə şirkətlərinin nümayəndələri iştirak ediblər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Split

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.