ELM VƏ TƏHSİL
Xorvatiyalı alim Azərbaycanda çay-hövzə idarəetmə planlarının hazırlanmasından danışıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Xorvatiyanın Okeanologiya və Balıqçılıq İnstitutunun okeanın kimyası və çöküntüləri laboratoriyasının rəhbəri, fəlsəfə doktoru Qrozdan Kuspiliç Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunda “Xəzərin Azərbaycan sahillərində sahilyanı və keçid sularının ayrılması” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim Avropa İttifaqının “Su təşəbbüsü” layihəsi çərçivəsində həyata keçirilən “Sahilyanı və keçid sularının ayrılması” pilot işi barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, bu layihə Azərbaycan da daxil olmaqla, altı keçmiş sovet respublikasını əhatə edir.
Q.Kuspiliç məruzəsində layihədə nəzərdə tutulmuş su laboratoriyalarının vəziyyətinin yaxşılaşdırılması, onların İSO standartlarına uyğun fəaliyyətlərinin davam etdirilməsi, Azərbaycanda çay-hövzə idarəetmə planlarının hazırlanması və bu sahədə potensialın artırılmasından danışıb. Bundan əlavə, sahilyanı suların ayrılması, onların vəziyyətinin öyrənilməsi və yaxşılaşdırılması üçün lazım olan tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.